Prezident mühüm islahatlara başlayır – Tezislər açıqlandı
(20-04-2018, 10:13)

11 aprel seçkiləri ölkəmizin iqtisadi, siyasi həyatının, dövlət quruculuğunun davam etdirilməsi baxımından misilsiz əhəmiyyətə malikdir.

Bu sözləri açıqlamasında millət vəkili Zahid Oruc deyib. Millət vəkili vurğulayıb ki, bu gün dünyada dövlətlər tərəfindən regional və beynəlxalq savaşların, gərginliklərin, mənafe davalarının güclü bir şəkildə nəzərə alındığı faktdır:

“Hətta Türkiyə kimi regional hökmran bir mövqəyə malik olan ölkə uzun illərdir ki, Azərbaycanın dövlət idarəçilik sistemində yaşanan, həmçinin Konstitusiya islahatları ilə bağlı atılan addımların sanki eynisini bir yol xəritəsi qaydasında təkrarlayırsa, demək, Azərbaycanın tamamilə haqqı var ki, ölkə daxilində xüsusi vətəndaş toqquşmaları, gərginliklər olmadığı şəraitdə dövlətin sabahını nəzərə alaraq, bütün bu təhlükəsizlik amillərindən seçkilərin növbədənkənarlılığını müəyyən etsin və bu yöndə özünü xalqın dəyərləndirməsinə təqdim etsin. Heç şübhəsiz ki, nəticələrdə İlham Əliyevin liderliyinin ən yüksək səviyyədə olduğunun təsbiti sübuta yetirir ki, gələcək dövrdə bu seçkilərin nəticələrinin düzgün oxunması baş verəcək. Baxın, bu anlarda Azərbaycan torpaqları uğrunda müharibədə 90-cı illərdə həyatını itirmiş insanların ailələrinə dövlət tərəfindən ödənməli olan vəsaitin verilməsi ilə bağlı xüsusi fərman imzalanıb. Bu, həm də o deməkdir ki, Azərbaycan torpaq bütünlüyü uğrunda bundan sonrakı dövrdə apardığı savaşa millətini qaldırır, şəhidin qanına verilən dəyəri ortalığa qoyur. Bu hər bir idarəetmə strukturu, hökumət və ya bütövlükdə hakimiyyət üçün çox önəmli bir məsələdir. Çünki əks halda sən Qarabağ uğrunda savaşa və ya ümumən ölkənin təhlükəsizliyinə töhfə verəcək insanları ayaqda tuta bilməzsən”.

Z.Oruc bildirib ki, prezidentin andiçmə mərasimində gələcək dövr üçün aparılacaq islahatların davam etdirilməsi ilə bağlı məsələyə böyük önəm verməsi və onun üzərində ayrıca dayanması çox vacib bir məsələ idi:

“Düşünürəm ki, bu, 2015-ci ildən hökumətdə daha da intensivləşən həm kadr dəyişikliklərinin, həm də struktur və funksional birləşdirmələrin aparılması baxımından son dərəcə mühüm mesaj idi. Bir çox özünü toxunulmaz sayan, həmçinin cəmiyyətdə də xüsusi əzəmətlərini göstərən, ancaq əsil həqiqətdə vətəndaşların böyük problemlərini doğuran strukturların fəaliyyətində köklü dəyişiklikləri müşahidə etməkdəyik. Gördüyünüz kimi, ölkə rəhbəri inauqurasiya nitqində Vergilər Nazirliyi üzərinə qoyulan ən böyük vəzifəni açıqladı. Bu vəzifə ondan ibarətdir ki, ümumiyyətlə, iş adamları sistemindən hər hansı mənfi müraciətlər alınmasın, daha artıq dərəcədə Avropa ölkələrində özünü göstərən iş üsulları bizdə də bərqərar olsun. Həqiqətən də əhalinin yüz min nəfərinə düşən kiçik və orta sahibkarlar statistikasında xeyli geri qalırıq. Bu neftə alternativ hazırlayan ölkə üçün yaxşı sayıla bilməzdi. Həmçinin hökumətin üzərində daşınan yükün azadılmasının başqa bir yolu yoxdur”.

Millət vəkili qeyd edib ki, bütün bu məsələlər həm də siyasi addımlarla tamamlanmalıdır:

“Hesab edirəm ki, onun ən mühüm tutarqalarından biri prezident tərəfindən səslənən o fikir idi ki, seçki dönəmində namizədlərin irəli sürdüyü müxtəlif təkliflər, platforma müddəaları gələcək dövrdə proqramlarda istifadə olunacaq və onların rasional olanlarından faydalanılacaq. Hər kəs hesab edəndə ki, seçkilərdə məğlub olmasına baxmayaraq, onun ümumən dövlətin varlığında, qorunmasında, onun aldığı tədbirlər və ya qərarlarda yeri var, bir damla da olsa, rolu var, hər kəs bunu daha çox özününkü saymağa çalışır. Belə olan təqdirdə bütün qüvvələr arasında yaxşı bir həmrəylik mühiti, dialoq şəraiti bərqərar olur. Zənnimcə, bu, bir ovuc qüvvələri çıxmaq şərtilə, gələcək dövrdə siyasi barış yönündə addımların atılması baxımından çox vacib idi. İkincisi, elə düşünürəm ki, siyasi islahatlardan ən mühümlərindən biri istər dövlət başçısı yanında, istərsə də parlament və ya digər hakimiyyət qollarında ictimai nəzarət sistemlərini bərqərar edən müxtəlif qurum və ya təsisatların yaradılması olardı. Baxın, Rusiyada İctimai Palata adlı bir təsisat var. Hesab edirəm ki, belə bir formatın Azərbaycanda reallaşmasına çox ciddi ehtiyac var. Yəni çox nüfuzlu insanlar hansısa bir aralıq həlqələrdə təmsilçilik hüququ qazanırlar və onların əsas vəzifəsi də cəmiyyətdən gələn siqnalları vaxtında dövlətə, hakimiyyət elitasına çatdırmaqdır ki, o ötürücülükdə iştirak edirlər və belə vasitə ilə bu gün bizə bəlli olan, sosial mediada tirajlanan müxtəlif məsələlərin, bəzən isə şayiələrin, hər hansı qarayaxmaların, ittihamların aradan qalxmasını doğurmuş olurlar. İkinci tərəfdən nəticədə xalq idarəçilikdə yaxından iştirak edir. Üçüncüsü isə bu, hər bir hakimiyyət qolunun məsuliyyətini gücləndirmiş olur”.

Z.Oruc hesab edir ki, siyasi islahatların ən mühüm qollarından biri də parlamentin fəaliyyətinin daha da gücləndirilməsi olardı:

“Bu, çox vacib bir məsələdir. Açıq etiraf etmək lazımdır ki, ali icra hakimiyyəti orqanlarının və qarşıdakı dövrdə hökumətin tərkibinin yeniləşməsi fonunda cənab Prezident qarşıya çox mühüm ambisiyalı, strateji vəzifələr qoyacaq. 7 illik dövr həm də buna geniş imkanlar açır. Belə olan təqdirdə islahatlar prosesi hüquqi və siyasi cəhətdən daha da möhkəmləndirilməlidir və passiv millət vəkili, mediadan özünü kənar tutan, cəmiyyətin çağırışlarına hazır olmayan, vətəndaşın yanına getməyən adamlar dayandıqları nöqtə boyda dövlətin işinə zərbə vurmuş olurlar. Ona görə də hesab edirəm ki, xalq təmsilçiliyi institutu kimi deputatların bu zaman üzərinə düşən məsuliyyətini hər kəs başa düşməlidir. Burada həm də onun şahidi oluruq ki, ayrı-ayrı dairələrdən yeni parlament seçkiləri və s. kimi məsələlər gündəmə gətirilir. Çünki burada vətəndaş öz təmsilçilərini hər gün ekranlarda, media məkanında, cəmiyyətdə, aktiv bir formada görmürsə, avtomatik onlara etimadını itirir, həmçinin dövlət başçısının fəaliyyətinin miqyasına və sürətinə uyğun olan qurum istəyir. Bu, bizim bütün digər strukturlarımıza aiddir. Hesab edirəm ki, ölkə rəhbərinin verdiyi mesajlar Azərbaycanın gələcəkdə yenilənməsi, regional miqyasda çəkimizin ağırlaşması və ən mühüm problemlərin həllini tapması naminə çox vacib tədbirlərdir. Ümidvaram ki, seçkilər ölkə başçısına belə bir mandatı verib və o da bir lider məharəti ilə bunları həll etməyə və qeyd olunan islahatları ardıcıl, intensiv və dəqiq hədəflərə doğru aparmağa qadirdir”.
Prezident mühüm islahatlara başlayır – Tezislər açıqlandı
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 383

Xəbər lenti
Təqvim
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031