ABŞ Konqresində Azərbaycan-İsrail münasibətlərinə dair tədbir keçirilib
(19-04-2018, 10:35)

Aprelin 18-də ABŞ-ın “Etnik Anlaşma Fondu”nun (Foundation for Ethnic Understanding – FFEU) yaradıcısı və rəhbəri ravvin Marc Schneier-in , “Eagles’ Wings” yevangelist təşkilatının icraçı direktoru, xristian yevangelistlərin nüfuzlu liderlərindən olan yepiskop Robert Stearns-in və “Northwood” kilsəsinin baş protestant keşişi (pastor) Bob Robertsin təşkilatçılığı ilə ABŞ Konqresində Azərbaycan-İsrail münasibətlərinə, habelə Azərbaycanda yəhudi, xristian və müsəlman əhali arasında qarşılıqlı anlaşmaya və ölkəmizdəki tolerantlığa həsr olunmuş tədbir keçirilmişdir.



Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, Azərbaycan Respublikasının yaradılmasının 100 illiyi və İsrail dövlətinin 70 illiyi ərəfəsində təşkil olunmuş sözügedən tədbirə ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri Steve Cohen (Demokrat – Tennesi), Konqres üzvü Henry Cuellar (Demokrat – Texas), Konqresmenlərin ofislərinin əməkdaşları, ABŞ-ın nüfuzlu xristian-yevangelist dini xadimləri, habelə ABŞ-ın yəhudi və xristian icmasının nümayəndələri iştirak edib. Tədbirə həmçinin, ABŞ-ın və İsrailin ABŞ-da fəaliyyət göstərən media nümayəndələri qatılıb.



Tədbiri giriş nitqi ilə açan ravvin Marc Schneier ölkəmizin mədəniyyətlərarası dialoqa töhfələrini, eləcə də Azərbaycan-İsrail münasibətlərinin yüksək səviyyəsini tərənnüm edib. O, Azərbaycandakı tolerantlıq ənənələrindən və yəhudi icması üçün yaradılmış gözəl şəraitdən bəhs edib, Azərbaycana səfərlərindən çox mütəəssir olduğunu vurğulayıb. Ravvin prezident İlham Əliyevlə bir neçə dəfə olan görüşü barədə xoş təəssüratlarını paylaşıb və Azərbaycandakı bu əmin-amanlıq mühitinin yaradılmasında ölkə rəhbərliyinin müstəsna rolu olduğunu qeyd edib. Azərbaycanın digər 57 İslam ölkəsi arasında unikal rolunu və İsraillə münasibətlərinin uğurlu inkişafını təqdir edən ravvin, ölkəmizin bu sahədə xüsusi seçildiyini və həqiqi dostluq münasibətlərində olduğunu, yerli yəhudi icmasına göstərdiyi münasibətin önündə, habelə dinlərarası və mədəniyyətlərarası əməkdaşlığın qlobal liderləri arasında olduğunu diqqətə çatdırıb.



Ravvin Schneier, 2017-ci ilin sentyabr ayında BMT Baş Assambleyasının 72-ci sessiyası zamanı Nyu-Yorka səfər edən prezident İlham Əliyevlə, bundan əvvəl isə 2017-ci ilin may ayında Azərbaycanın BMT-yə üzvlüyünün 25 illiyi münasibətilə keçirilən tədbirlərə qatılmaq məqsədilə Nyu-Yorka səfər edən xarici işlər naziri Elmar Məmmədyarovla bir qrup nüfuzlu xristian və yəhudi din xadimləri arasında keçirilmiş görüşlərdə şəxsən iştirakını xatırlayıb. Ravvin Schneier qeyd edib ki, sözügedən görüşlər Azərbaycan prezidentinin müsəlman, xristian və yəhudi icmaları ilə münasibətlərə verdiyi əhəmiyyətin və ölkəmizin bu sahədə aparıcı rola malik olmasının bariz nümunəsidir.



Daha sonra çıxış edən Konqresin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri konqresmen Steve Cohen Azərbaycanla İsrail arasında münasibətlərdən məmnunluğunu ifadə edib, bu münasibətlərin ölkəmizin əhəmiyyətinin göstəricisi olduğunu xüsusi vurğulayıb. Ölkəmizin tolerantlıq və mədəniyyətlərarası dialoq sahəsində oynadığı rol Cohen tərəfindən təqdir edilib.



ABŞ və dünyada böyük bir şəbəkəyə və nüfuza malik “Eagles’ Wings” yevangelist təşkilatının icraçı direktoru yepiskop Robert Stearns çıxışı zamanı ölkəmizin dinlərarası əməkdaşlığa töhfələri barədə danışıb, Azərbaycanın İsraillə strateji münasibətlərini alqışlayıb. Yepiskop Stearns Azərbaycan prezidenti və xarici işlər naziri ilə Nyu-Yorkda keçirilmiş görüşlərə qatıldığını və bu görüşlərdən sonra Azərbaycanın dinlərarası dialoqa töhfəsini aşkarladığını diqqətə çatdırıb. Bu xüsusda, “İslam həmrəyliyi” ili münasibətilə keçirilmiş tədbirlərə qatılarkən, Azərbaycanın unikal rolunun bir daha şahidi olduğunu bildirib. Belə ki, Azərbaycanın 95 faiz müsəlman əhaliyə malik olmasına baxmayaraq, Azərbaycan rəhbərliyi “İslam Həmrəyliyi” ili tədbirlərinə müsəlmanlarla yanaşı, yəhudi və xristian xadimlərini də dəvət edib. Bununla yanaşı, Azərbaycanın milad bayramını və yeni ili xüsusi təmtəraqla qeyd etməsi, Azərbaycanın tolerantlığa nümunə olmasını və ölkə prezidentinin bu prinsiplərə sadiqliyini bir daha nümayiş etdirməkdədir.



Protestant keşişi (pastor) Bob Roberts çıxışı zamanı ABŞ-da uzun müddət müsəlmanlarla xristianlar arasında dialoqun və əməkdaşlığın inkişafı istiqamətində gördüyü işlərdən bəhs edib. Bu xüsusda, Azərbaycanın vacib və əvəzedilməz roluna işarə edən pastor Roberts öz həmkarlarının Azərbaycanla əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirib.



Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxışı zamanı Konqresdə keçirilən sözügedən tədbirin Azərbaycan Respublikasının yenidən seçilmiş prezidenti İlham Əliyevin inauqurasiya mərasimi ilə bir vaxta təsadüf etdiyini, ölkəmizin liderinin Azərbaycan-İsrail münasibətlərinin uğurla inkişaf etməsində əsas rola malik olduğunu diqqətə çatdırıb. Səfir E.Süleymanov ravvin Schneier və yepiskop Stearnsın prezident İlham Əliyevin seçkilərdə inamlı qalibiyyəti münasibətilə ünvanlandıqları təbrik məktubuna və Azərbaycanın dünyada əhəmiyyətli rolunu vurğuladıqlarına görə öz minnətdarlığını bildirib. Ölkə prezidentinin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyi, ölkəmizin daha da inkişafı və icmalararası həmrəyliyə töhfəsi istiqamətində işlərin bundan sonra da uğurla davam edəcəyi səfir E.Süleymanov tərəfindən qeyd olunub. Səfir qeyd edib ki, Azərbaycan xalqının tolerantlıq ənənələri ilə yanaşı, ölkəmizdə açıq tolerantlıq və millətlərarası əmin-amanlıq mühitinin formalaşmasında ölkə rəhbərinin dünyaya baxışı mühüm rol oynayır. O, diqqətə çatdırıb ki, Azərbaycan xalqı İlham Əliyevi prezident seçərkən, o cümlədən tolerantlıq və dialoq ənənələrinin davam etməsinə də səs verib.





Azərbaycanla İsrail, habelə Azərbaycanın yəhudi və müsəlman əhalisi arasında tarixi köklərə əsaslanan münasibətlər barədə danışan səfir, Azərbaycanla İsrail arasında artan tərəfdaşlığın İsrailin 70 illiyinə və Azərbaycan Respublikasının 100 illiyinə təsadüf etdiyini diqqətə çatdırıb. Azərbaycanın hələ 100 il əvvəl ABŞ-dan daha öncə, dinindən, etnik mənsubiyyətindən və cinsindən asılı olmayaraq insanlara seçki hüququnu verdiyini və azadlıqlarını təmin etdiyini vurğulayıb.



Azərbaycanın İsraillə əlaqələrinin Azərbaycanın öz yəhudi icması ilə xoş münasibətlər üzərində qurulduğu və ölkəmizin bununla qürur duyduğunu qeyd edən səfir E.Süleymanov iki ölkə arasında münasibətlərin daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib. Səfir sonda Konqresin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri Steve Cohenə, eləcə də dünyada müsəlman, xristian və yəhudi icmalar arasında dialoq səylərinə görə ravvin Schneierə, yepiskop Robert Stearnsa və pastor Bob Robertsə öz təşəkkürünü bildirib.

İdrak Ədalətoğlu
-----------------------
ABŞ Konqresində Azərbaycan-İsrail münasibətlərinə dair tədbir keçirilib
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 495

Xəbər lenti
Təqvim
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930